Suqovuşan su anbarının suyu tamamilə boşaldılır

Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa olunmaqla su mənbələrimiz də, işğaldan azad edildi. Yenidən o torpaqlara qayıdan kimi, bütün istiqamətlərdə infrastruktur layihələrərinin icrasına başlanıldı, suvarılmanın yaxşılaşdırılması üçün təmir-bərpa işlərinə start verildi.

Yerveinsan.az xəbər verir ki, Suqovuşan və Xaçınçay su anbarlarında, o anbarlardan çıxan beton kanallarda da əsaslı təmir həyata keçirilir. Bunun üçün anbarların suyu tamamilə boşaldılır, həmin müddətdə isə kanalların bərpası işləri görülür.

Suqovuşan su anbarı 7 rayonun 96 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edib. İşğal müddətində Xaçınçay, Ağdamkənd, Köndələnçay və digər işğalda qalan su anbarları kimi, Suqovuşan da baxımsız qalıb. Nəticədə su sızmalarının sayı artıb. Anbarın yenidən təmiri üçün suyun boşaldılmasına başlanılıb. 5,86 milyon kubmetr tutumu olan anbarın suyu Tərtərçaya axıdılır. Su buraxılıb qurtardıqdan sonra dibi lildən təmizlənəcək və yamacı 20 santimetr qalınlıqda beton üzlüyə alınacaq. İndiki mərhələdə anbarın sutullayıcı qüllələrində təmir işləri aparılır. Qüllənin qapılarının çıxış hissələri betonlanır. Bundan başqa, anbardan çıxan və uzunluğu 5,2 kilometr olan əsas kanalın təmiri aparılır.

Kanalda təmir işləri başa çatdıqdan sonra paylayıcı sağ sahil kanal vasitəsi ilə saniyədə 50 kubmetr su Ağdam, Ağdərə, Bərdə və Ağcabədiyə, sol sahil kanal vasitəsi ilə isə saniyədə 20 kubmetr su Tərtər, Goranboy və Yevlağa ötürüləcək. Müharibə dövründə ziyan görən beton kanalın 5200 metr hissəsində təmir işlərinin növbəti ilə başa çatdırılması planlaşdırılır.

Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisindəki Xaçın çayının üzərində inşa olunan Xaçınçay su anbarı da suvarılmada önəmli rola malikdir. Su anbarı işğal vaxtı baxımsız vəziyyətdə olub. Bunu anbarın suyu enəndən sonra da aydın şəkildə görmək olur. Buna görə də anbarda su sızmaları baş verirdi. Təmir işləri aparıldıqdan sonra bütün sızmaların qarşısı alınacaq. Bu anbarda da təmir işləri aparmaq üçün ilk növbətə suyun buraxılması həyata keçirilir. Su tamamilə boşaldıqdan sonra anbarın dibi lildən təmizlənəcək. Daha sonra yamac hissəsinə beton üzlük vurulacaq.

Qeyd edək ki, Xaçınçay su anbarı 23 milyon kubmetr su tutumuna malikdir.