Dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu proses otuz ildən çoxdur davam edir
Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasına səbəb olan amillərin, həmin hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun sözlərinə görə dünya ölkələrində şam ağaclarında müşahidə edilən həmin proses otuz ildən çoxdur davam edir. Lakin həmin proses Qafqaz bölgəsində üç il əvvəl qeydə alınıb və hazırda respublika ərazisində həmin xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır.
M.Qənbərov qeyd edib ki, əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri, AQTA, Bakı Şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri və alimlərdən ibarət işçi qrup yaradılıb. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlər onların bioloji inkişafdan qalmasına səbəb olub. Xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Belə hal Gürcüstanda da baş verib.
Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev qeyd edib ki, bu sahədə yaradılmış işçi qrup əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə olunan xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqat və monitorinqlər aparır. Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür. Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağac - 67 ədəd şam və 2 ədəd sərv ağacı digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib.
Digər çıxış edənlər bir müddətdir ki, Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan, Naftalan, Mingəçevir və digər şəhərlərdə də şam ağaclarının bir sıra növlərinin quruması hallarının quruması hallarının qarşısını almaq məqsədilə xüsusi mübarizə metodları hazırlandığını və birgə səylər, düzgün elmi yanaşma nəticəsində bu problemin qarşısının alınması mümkün olacağını vurğulayıblar.

