Şəmkirdə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən Şəmkir şəhərinin Ş.Qurbanov küçəsində fəaliyyət göstərən Sabir Quliyevə məxsus çörək istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, eyni zamanda müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

