Geologiya və Geofizika İnstitutunun əməkdaşları üçün ingilis dili kursları təşkil olunacaq

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları üçün ingilis dili kursları təşkil olunacaq.                                                                                                        

İnstitutun elmi katibi, g.-m.ü.f.d. Yeganə Lətifovanın Kaspi Təhsil Şirkətinin əməkdaşları Rəsul Ağayev və Aytac Məmmədova ilə reallaşan görüşündə GGİ və Kaspi Təhsil Şirkəti arasında korporativ əməkdaşlığın bərpası, gənc mütəxəssislər üçün  ingilis dili kurslarının yenidən davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu ilə Kaspi Təhsil Şirkəti arasında korporativ əməkdaşlıq pandemiyaya qədərki dövrdə uğurla həyata keçirilib və yüksək nəticələr əldə edilib.

Dil kursu təşkilatçılarının GGİ-nin gənc əməkdaşları ilə keçən yeni görüşündə xarici dil öyrənilməsinin əhəmiyyətindən danışılıb. Həm də müasir dövrdə xarici dilin öyrənilməsi zamanı 4 vacib bacarığa - oxuyub-anlama, dinləyib-anlama, danışıq və yazı bacarıqlarına yiyələnmə, ingilis dili kurslarının təşkili və digər vacib məqamlar barədə ətraflı məlumat verilib.

İngilis dili kurslarında iştirak edəcək namizədlərin bilik və bacarıq səviyyələrinin ilkin qiymətləndirilməsi məqsədilə görüş çərçivəsində yoxlama-test imtahanı keçirilib. Qısa zamanda yoxlamanın nəticələrinə əsasən namizədlərin qruplaşdırılması müəyyənləşdiriləcək, daha sonra institutun gənc mütəxəssislərinin ingilis dili üzrə bilik və bacarıqlarının artırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək.

Kaspi Təhsil Şirkəti GGİ-nin gələcək alimlərinin ingilis dilini təkcə danışıq dili kimi deyil, həm də akademik, elmi səviyyədə mənimsəyəcəklərinə zəmanət verir.