Firdovsi Əliyev: Sevindirici haldır ki, Azərbaycanda müxtəlif qurumlar peşə bayramlarını ağac əkməklə qeyd edirlər
Azərbaycanla BMT arasında diplomatik əlaqələrinin qurulmasından 30 il keçir. Bugünkü ağacəkmə aksiyası həmin əhəmiyyətli tarixə həsr olunub. Müşfiqabadda 3 hektardan çox ərazidə simvolik olaraq 3 min ağac əkdik. Əkilən ağaclar əsasən Abşeronun torpaq-iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytundur. Ərazi suvarma şəbəkəsi ilə təmin olunub. Bu da bizdə əminlik yaradır ki, əkilən ağacların bitiş faizi 98-100 faiz arasında olacaq.
Yerveinsan.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində aksiyada iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini bildirib ki, həmin ərazi bir il əvvəl boş sahə olub. Burada torpaq hazırlığı işləri aparılıb və əkinə yararlı vəziyyətə gətirilib. Builki payız əkini mövsümündə həmin ərazidə ağacəkmə aksiyaları keçirilir.
“Sevindirici haldır ki, Azərbaycanda müxtəlif qurumlar peşə bayramlarını təbiətin qoynunda keçirməyə üstünlük verir və daha çox ağacəkmə aksiyaları ilə qeyd edirlər. Təbiətə dost münasibətin formalaşmasında belə tədbirlərin çox böyük önəmi var. Payız əkin kampaniyası başlayıb. Fürsətdən istifadə edərək dost tərəfdaşları və hər bir vətəndaşı belə aksiyalarda iştiraka dəvət edirik. Nə qədər çox ağac əksək, ətraf mühitimiz bir o qədər sağlam olacaq. Belə aksiyalar Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə töhfədir”, - deyə F.Əliyev qeyd edib.

