“Bir ağac - min nəfəs” aksiyası bu dəfə Günəşli qəsəbəsində keçirilib

“Bir ağac - min nəfəs” devizi altında təşkil olunan növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası Günəşli qəsəbəsində yerləşən “Araz” superstorun qarşısında keçirilib. Aksiya çərçivəsində işlənmiş plastik, şüşə, kağız və batareya təhvil verən vətəndaşlara ağac tingləri hədiyyə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan aksiya zamanı ümumi tutumu 340 litr olan plastik, 11 litr şüşə, 20 kiloqram kağız tullantı və 29 işlənmiş batareya təhvil götürülüb və təkrar emala göndərilib. “Tullantıları tinglərə dəyiş” aksiyasının keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi ağac tingləri ilə təmin etmək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam edəcək: “Növbəti aksiyaların keçiriləcəyi vaxt və ünvan barədə məlumatları eco.gov.az saytından və nazirliyin rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür”.