Baş prokuror Sumqayıt şəhəri və Qubadlı rayon sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev noyabrın 22-də saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.