Qobu park yaşayış kompleksində yanğın baş verib, sakinlər təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə, Qaradağ rayonunun Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən doqquzuncu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyənləşdirilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvələri tərəfindən ümumilikdə 50 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

