Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin nəticələri elan olundu

Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 86 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə 2022-ci il dekabrın 5-dən 13-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 2022-ci il 13 dekabr tarixli qərarına əsasən artırılaraq 57 ştat vahidi müəyyənləşdirilib.

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 57 namizəd 2022-ci il dekabrın 15-dən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən altısı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilib.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən uğurla keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.