Ağır xəstə olan 3 erməni Xankəndidən Ermənistana aparılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni milliyyətli ağır xəstə olub.

Məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyə olunmasına şərait yaradılması ilə bağlı müraciət daxil olub. Müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd Toyota Land Cruiser markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirdilər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.//Trend