Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ötən il oktyabrın 12-də Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyəti ilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.