Abşeron rayonunda fərdi evdə partlayış baş verib
Yanvarın 25-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsindəki mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb. Partlayış nəticəsində xəsarət alan olmayıb.
FHN əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

