FHN-in xilasediciləri bu vaxtadək Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxarıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, bu çərçivədə FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.