FHN: Ötən sutka ölkə ərazisində yeddi nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 134 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində yeddi nəfər, o cümlədən Balakən rayonunun Qullar kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış bir nəfər xilas edilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

