Neftçalada brokonyerlərə qarşı reyd aparılıb

Neftçalada ekologiyaya zərər vuran vasitələrdən istifadə etməklə qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Mil-Muğan kanalının 10 kilometr boyunca aparılan reyd zamanı kanalda balıqovlama ilə məşğul olan 15 nəfərdən çox balıqçının icazə sənədləri yoxlanılıb.

Sakinlər Neftçala Rayon İcra Hakimiyyətinə Mil-Muğan kanalının Neftçala rayonundan keçən hissəsində, Xəzər dənizinə tökülən ərazidə qanunsuz balıq ovlandığı barədə müraciət ediblər. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, həmçinin Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin polis əməkdaşları ilə birgə rayonun Yeniqışlaq kəndində reyd keçirilib. Reyd zamanı kanalda balıqovlama ilə məşğul olan 15-dən çox balıqçının icazə sənədləri yoxlanılıb. Balıqçılarla profilaktik söhbət aparan rəsmilər brokonyerlərlə mübarizənin onlarla birgə aparılmasının vacibliyini vurğulayıblar.

Reyd zamanı brokonyerliklə məşğul olan bir nəfər aşkarlanıb. Yeniqışlaq kənd sakini Eldar Məcidov qanunsuz balıq ovu ilə məşğul olduğuna görə ETSN əməkdaşları tərəfindən haqqında inzibati protokol yazılıb, cərimə tətbiq olunub.

Balıqçılarla aparılan söhbətlərdə bildirilib ki, yaz qabağı balıqların populyasiyası və kürütökməyə hazırlaşdığı dövrdə qiymətli balıq növlərini brokonyerlik yolu ilə və kustar üsulla hazırlanan ləvazimatlar, sintetik torlar vasitəsi ilə tutulması qadağandır. Bu, ətraf mühitə, o cümlədən su hövzələrinin faunasına böyük ziyan vurur. Kürüləmə dövründə balıqların bu yolla ovlanması həm də onların nəslinin kəsilməsinə səbəb olur. Kürüləmə dövründə balıqlar Xəzər dənizindən kütləvi şəkildə axar şirin sulara daxil olur, bu zaman balıqlar kütləvi şəkildə brokonyerlər tərəfindən müxtəlif vasitələrlə tutulur. Ona görə də su hövzələrində balıqların çoxalması ləngiyir. Bu da ölkə sularında balıq ehtiyatlarının tükənməsinə gətirib çıxarır.