Prezident İlham Əliyev - Onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar
Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Cənab Prezident.
Əziz qonaqlar.
Xanımlar və cənablar.
Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib, ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm.
Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub.
Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir.
Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir.
Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik.
Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq.
Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq.