Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Opel” markalı avtomobilin sürücüsü İlqar Cəfərovu yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

İ.Cəfərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən həmin şəxs inzibati qaydada həbs olunub.