Bu ilin ilk rübü ərzində 8 min hektara yaxın ərazi minadan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş tərkibdə iclas keçirilib.

ANAMA-nın mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, iclasda Agentliyin İdarə Heyəti, struktur bölmələri və əməliyyat heyəti rəhbərləri iştirak ediblər.

İclasda açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib. O, işğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bu ilin ilk rübü ərzində agentlik tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 7 min 944 hektar ərazi təmizlənib, 3 min 878 ədəd mina və partlamamış hərbi sursat aşkar olunub.

İclasda hesabat dövründə minatəmizləmə sahəsində görülən işlər və müxtəlif prioritet istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlar, əməliyyatların icra vəziyyəti, Beynəlxalq Minatəmizləmə Standartlarının riayət olunmasına nəzarət üçün keçirilən monitorinqlər və yekun keyfiyyət yoxlamalarının nəticələri, habelə agentliyin potensialının yüksəldilməsi məqsədilə görülmüş işlər və planlar barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda minatəmizləmə fəaliyyətində səmərəliliyin artırılması, qarşıda duran öhdəliklər, çağırışlar və onların həlli yolları istiqamətində müvafiq tapşırıqlar verilib.