Sumqayıtda hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 millimetrlik top mərmisi və 13 ədəd TAB-7 aviabombanın qırıntıları olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.