Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsgərov istifadəyə yararsız fermada xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - “Kannabis” bitkiləri aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.