İƏT-in Baş katibi Azərbaycana dəstəyini bir daha ifadə edib

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsi Şahin Abdullayev təşkilatın Ciddədə yerləşən mənzil-qərargahında İƏT-in Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Yerveinsan.az təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, diplomatımız Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr və dövlətimizin Ermənistanla münasibətlərin normallaşdırılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səylər haqqında Baş katibə ətraflı məlumat verib. O, həmçinin lokal xarakterli antiterror tədbirlərindən sonra bu bölgənin erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin davam etdiyini də bildirib.

Baş katib Hissein Brahim Taha bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir. O əlavə edib ki, Cənubi Qafqaz regionunda möhkəm sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması, geosiyasi cəhətdən mühüm olan bu ərazinin əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi istiqamətində Bakının təşəbbüsləri və səyləri təqdirəlayiqdir.

Görüşdə İƏT ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.