Peru Konqresindən Azərbaycanın Zəfər Günü ilə bağlı BƏYANAT

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib.

Sənəddə 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdiyi bildirilir və 8 noyabr tarixində “qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanır.

Bəyanatda həmçinin, Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidənqurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.