"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub (FOTO)
Noyabrın 30-da "Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimat mərasimi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitabın müəllifi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürovdur.
Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin təbii sərvətlərindən səmərəli istifadə sahəsində çox böyük işlər gördüyünü deyib.
"Kitabı vərəqləyərkən müəllifin kifayət qədər əziyyət çəkdiyini görmək olar. Kitabda Azərbaycanın faydalı qazıntı yataqları, onların istismarı ilə bağlı dolğun məlumatlar yer alıb. Məlumatlara əsasən görürük ki, Böyük Qayıdış proqramının icrası üçün kifayət qədər resurslarımız var. Həmin ərazilərin bərpası üçün milyard manatlarla vəsait qoyulacaq, bunun 70-80 faizi tikinti-quruculuq işlərinə sərf olunacaq. Həmin işlərin həyata keçirilməsi üçün faydalı qazıntılardan da səmərəli istifadə ediləcək. Kitabda Heydər Əliyevin dağ-mədən sənayesinin inkişafında əvəzsiz xidmətləri, bu sahə üzrə mütəxəssislərin hazırlanması üçün gördüyü işlər barəsində də məlumatlar yer alıb. Kitabda Azərbaycanın təbii sərvətlərindən istifadə edilməsinə xarici investisiyaların cəlb edilməsi prosesi barədə konkret faktlar göstərilib. Həmçinin Azərbaycanın təbii sərvətlərindən istifadə edilməsinin ekoloji təhlükəsizlik məsələləri ilə bilavasitə əlaqələndirilməsi də kifayət qədər geniş işıqlandırılıb. Hesab edirəm ki, Azərbaycan geoloqları, inşaatçıları, Azərbaycan iqtisadiyyatını öyrənənlər, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində iştirak edənlər üçün önəmli vasitə olacaq", - deyə Z.Səmədzadə bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, dağ mədən sənayesinin inkişafı zamanı təbii sərvətlərdən səmərəli istifadə edilmədiyi dövrlər də olub. Qeyd olunub ki, bu gün hələ də həmin proses davam edir. Kitabda həmin problemə elmi cəhətdən yanaşılıb: "Dağ-mədən sənayesinin inkişafının mərhələlərindən söz açılıb. Ulu Öndərin zamanında başladığı iş mədənçilik sənayesinin inkişafına təkan verib və bu gün də davam etdirilir. Bu gün əsas istiqamətlərdən biri yaşıl iqtisadiyyata keçidlə bağlıdır. Yaşıl iqtisadiyyatın təməl prinsiplərindən biri resurslardan səmərəli istifadənin şərtləndirilməsidir. Buna da nail olmaq üçün elmi yanaşmalar olmalıdır. Kitabda statistik məlumatlardan əlavə, elmi yanaşmalar da var ki, bu da bizə prioritet istiqamətlərin həyata keçirilməsinə töhfə verəcək".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov 2020-ci ildən sonra yeni çağırışlar yarandığını, Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində torpaqlarımızın azad edilməsi, həmin ərazilərə Böyük Qayıdış təbii ehtiyatlara böyük tələbatın olacağını diktə etdiyini deyib.
"Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar və su ehtiyatları baxımından çox zəngindir. Təəssüf ki, 30 illik işğal dövründə həmin ehtiyatlara çox böyük ziyanlar vurulub. Həmin ərazilərdəki yataqların böyük hissəsi qanunsuz istismar olunub və daşınıb. Yataqlara dəymiş ziyanın və onların mövcud ehtiyatların yenidən qiymətləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir", - deyə nazir müavini bildirib.
Digər çıxış edənlər kitabın nəşrini yüksək qiymətləndirib, dağ-mədən sənayesinin inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə faydalı olacağını bildiriblər.
Sonda çıxış edən kitabın müəllifi Azər Şükürov Azərbaycanda dağ-mədən sənayesinin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıraraq deyib: "Sovetlər zamanında Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu sahəyə çox ciddi diqqət yetirilmişdi. Həmin strateji sahənin inkişafına yüksək diqqətin nəticəsidir ki, respublikamızda çox sayda faydalı qazıntı yataqları aşkarlanaraq öyrənilib. Belə ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə qədər respublikamızda cəmi 65 faydalı qazıntı yatağı kəşf olunmuşdusa, Ulu Öndərin hakimiyyəti dövründə həmin yataqların sayı 550-dən yuxarı olub. Hazırda bu rəqəm 1000-dən yuxarıdır.
Elm və təhsili milli intibahın başlıca vasitəsi hesab edən Ulu Öndər yeni yaranmaqda olan elm sahələri üzrə milli kadrların hazırlanmasını təmin etmək üçün keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində Azərbaycan üçün kvota alaraq hər il 1000-ə yaxın gəncin həmin ali məktəblərə təhsil almağa göndərilməsinə nail olub. Mən də Ulu Öndərin xeyir-duası ilə Moskva Dağ-Mədən İnstitutunda ali təhsil almaq imkanı qazandım. Ulu Öndərin davamçısı İlham Əliyev həmin ənənəni davam etdirərək təhsildə fərqlənən gəncləri dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları üçün mütəxəssis hazırlığı məsələsinə çox həssaslıqla yanaşır".
Müəllif kitabın ərsəyə gəlməsində ona dəstək olan hər kəsə minnətdarlığını ifadə edib.