TƏLƏT KƏNGƏRLİ -75

AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, regional geologiya, geotektonika və geodinamika sahəsi üzrə görkəmli Azərbaycan alimi, gözəl insan Tələt Nəsrulla oğlu Kəngərlinin 75 yaşı tamam olur.

O, 1948-ci il noyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
T.N.Kəngərli 1982-ci ildə geologiya-mineralogiya elmləri namizədi və 2010-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
T.N.Kəngərli əmək fəaliyyətinə keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi sistemində başlayaraq geoloq, böyük geoloq, baş geoloq, geoloji partiya rəisi vəzifələrində çalışmışdır. Sonradan, 1994-2001-ci illərdə keçmiş İqtisadiyyat Nazirliyinin “Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiya” şöbəsinin müdiri, 2001-2010-cu illərdə isə AMEA Geologiya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən etibarən həmin institutun “Geotektonika və regional geologiya” (hazırda “Dinamiki geologiya”) şöbəsinin rəhbəridir.
T.N.Kəngərli regional geologiya, geotektonika, geodinamika, mineral xammal ehtiyatları, geoekologiya sahələrində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi, faydalı qazıntıların əmələgəlmə və paylanması ilə Yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi təşkil edir. T.N.Kəngərli 200-ə yaxın elmi əsərin, o cümlədən 18 xəritənin, 14 kitab və kollektiv monoqrafiyanın həmmüəllifi, 1 müəlliflik şəhadətnaməsinin sahibidir. Onun iştirakı və rəhbərliyi altında Azərbaycan Respublikasının yeni geoloji, tektonik, neotektonik, struktur rayonlaşdırma, mineragenik və digər xəritələri tərtib edilmiş, onlardan 6 xəritə “Azərbaycan Respublikasının Milli Atlası”nda (2014-cü il) nəşr olunmuşdur. “Azərbaycanın geologiyası” (rus dilində) səkkizcildli fundamental əsərin “Tektonika” cildinin (2005), “Azərbaycanın geologiyası” (Azərbaycan dilində) üçcildliyinin I cildinin (2015), “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (2017-2018), “Azərbaycan Respublikasının geoloji irsi” (2012, 2013, 2015), “Azərbaycanın təbiət və memarlıq möcüzələri” (2015), “Türk dünyasının coğrafiyası və etnosu. Cild I. Fiziki coğrafiya” (2019, Azərbaycan və rus dillərində), “Qarabağ və Şərqi Zəngəzurun çoğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı” (2021), “Şuşa inzibati rayonu: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı” (2022) kollektiv monoqrafiyalarının müəlliflərindəndir. “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” (2016), “Qərbi Azərbaycanın təbii sərvətləri. Gəncəbasar və Qarabağ” (2018, ingilis dilində) “Azərbaycan Respublikasının geoloji irsi: Naxçıvan diyarı” (2020) monoqrafiyalarının əsas icraçısı və redaktorudur.
T.N.Kəngərlinin bilavasitə təşəbbüsü və iştirakı ilə beynəlxalq işçi qrupu tərəfindən ilk dəfə olaraq 2017-ci ildə “Qafqazın geodinamik əsaslı tektonik xəritəsi” işlənib hazırlanmışdır. “Azərbaycanın geoloji irsi: Qarabağ”, “Azərbaycanın geoloji irsi: Böyük Qafqaz” monoqrafiyaları, “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” atlası, “Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə təyinatlı xəritələr toplusu”, “Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”, “Azərbaycan Respublikası tektonik-geodinamik əsaslı faydalı qazıntılar xəritəsi” üzərində işlər aparılır
Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Geologiya və ekologiya sahələrində beynəlxalq (İSAR, OSİ/Azerbaijan, CİDA, CEP, REC Caucasus, İNTAS, SRDF, STCU, MEBE, DARİUS, SCOPES, CNRS) və respublika (QHT DDŞ, EİF, ARDNŞ-in Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
Rusiya Təbiət Elmləri Akademiyası və Həyat Fəaliyyətinin Ekologiyası və Təhlükəsizliyi Elmləri Beynəlxalq Akademiyasının həqiqi üzvü, Geoloji İrsin Mühafizəsi üzrə Avropa Assosiasiyasının (ProGEO), Mineral Ehtiyatlar üzrə Beynəlxalq Agentliyin (MinPRO), geologiya elmləri üzrə Avropa İttifaqının (EGU) və Amerika Geofiziklər İttifaqının (AGU) fərdi üzvüdür.
AMEA Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya Şurasının, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) və “Yer və İnsan” jurnallarının redaksiya heyətinin üzvüdür.
T.N.Kəngərli istehsalatdakı geoloji fəaliyyətinə görə keçmiş SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na layiq görülmüşdür.

Əziz Tələt müəllim!
Sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Sizə baxanda adam başa düşür ki, fəal həyat tərzi, güclü ruh və pozitiv düşüncə insana gəncliyi qorumağa və gözlərdə şölə saçan parıltını saxlamağa kömək edir.
Sizə illərə təslim olmamağı, şən və sağlam qalmağı, hər gün nəvə-nəticələrinizin təbəssümünə sevinməyi, heç vaxt ruhdan düşməməyi arzulayırıq. Qoy həyatda Sizi həmişə yalnız uğur və firavanlıq təqib etsin. Həmişə xəyalınıza doğru cəsarətlə irəliləyin!
Unutmayın ki, danılmaz bir həqiqət vardır: “Bir çox filosoflar, şairlər, rəssamlar, alimlər və başqa görkəmli insanlar ən yüksək nailiyyətlərini 80 yaşından sonra əldə ediblər”.

Sevgi və sayğılarımızla,
“Yer və insan” jurnalının redaksiya heyəti və oxucuları, “Azinterpartlayış-X” MMC və “Azərbaycan Geologiyası” MMC-nin kollektivi və alimin təhsil aldığı 384 nömrəli qrupun tələbələri adından...