Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb

Martın 9-u saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qaxda 22, Şərur, Şahdağda 2 santimetr olub.

Düşən yağıntının miqdarı Qaxda 20, Oğuzda 9, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi martın 8-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 metr/saniyəyədək güclənib.

Neft Daşları Hidrometeoroloji Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.