Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub
Martın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.
Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.