Sahibə Qafarova Matviyenko və Volodinə başsağlığı verib

Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri “Krokus Siti Holl” konsert zalında baş vermiş dəhşətli terror aktı nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib. Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisə ilə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.