Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən manevretmə qaydasını pozduğu üçün “Kia” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Məhərrəmov Zirəddin Firəddin oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.