Astrofizik alim Bayram Rüstəmovun 70 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmovun 70 yaşı tamam olur.

Bayram Nizam oğlu Rüstəmov 29 aprel 1954-cü ildə Azərbaycan Respublikası, Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, 1971-ci ildə  orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuşdur. 1971-1976-cı illərdə fizika fakültəsində astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə başlamış və həmin vaxtdan  ŞAR-da elmi tədqiqatla məşğuldur.

1977-ci ildə Krım Astrofizika Rəsədxanasında praktik astrofizika ixtisası üzrə bir illik  ixtisaslaşma kursu keçmişdir.

2003-cü ildə “T Buğa tipli ulduzlar və FUOR-ların spektral tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 aprel 2004-cü il tarixli qərarı ilə ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2004-cü ilin aprel ayında o, ŞAR-ın “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi, həmin ilin oktyabr ayından isə ŞAR-ın “Səma cisimlərinin fotometriyası və polyarimetriyası” şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2004-cü ildən etibarən ŞAR Elmi Şurasının üzvüdür.

2011-2012-ci illərdə BDU-da Fizika fakultəsində  magistrlərə astrofizikanın müxtəlif bölmələri üzrə mühazirələr aparmışdır. Azərbaycan  Respublikasının  Prezidenti yanında Elmin İnkişafı Fondunun  2011-ci ilin 1-ci  qrant müsabiqəsinin  (EİF-2011-1(3)) qalibi olmuş “Ulduz təkamülünün ilkin mərhələsində olan orta və  kiçik kütləli cavan ulduzların (T Tau, Ae/Be Herbiq, UXOR) və aktiv nüvəli qalaktikaların fotometrik və  polyarimetrik tədqiqi” layihəsi üzrə rəhbər olmuşdur.

2013-cü ildən  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında  yaradılmış FD 01.241 Fəlsəfə Doktoru Dissertasiya Şurasının üzvü təyin olunmuşdur.

Bayram Rüstəmova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 noyabr 2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı verilmişdir.

2018-ci ildən 2022-ci ilədək Bayram Rüstəmov ŞAR-ın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hal-hazırd o, ŞAR-ın tədqiqat planına daxil olan “Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri” mövzusunun rəhbəridir.

B.N.Rüstəmovun elmi maraq dairəsinə ulduz təkamülünün ilkin mərhələsində olan, orta və kiçik kütləli cavan ulduzların spektral və fotometrik tədqiqi daxildir. ŞAR-ın 2-m teleskopunda aparılmış uzunmüddətli və bircins spektral müşahidə materiallarının analizindən bir sıra orijinal elmi nəticələr almışdır.

B.N.Rüstəmov  son illərdə, ŞAR-da aparılan fotometrik tədqiatların effektivliyini yüksəltmək, bu tədqiqatları müasir müşahidə astronomiyasının tələblərinə uyğunlaşdırmaq məqsədilə fotometrik müşahidələrdə yeni işıqqəbuledicilərinin - CCD matrislərin tətbiqi və alınmış rəqəmsal təsvirlərin işlənməsi metodikasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

B.N.Rüstəmov cavan ulduzların spektral və fotometrik tədqiqi və müasir işıqqəbuledicilərinin astronomik müşahidələrdə tətbiqi sahəsində aparıcı mütəxəssisdir.

2018-ci ildə bir nəfər Bayram Rüstəmovun elmi rəhbərliyi ilə “UX Ori tipli WW vul ulduzunun spektral və fotometrik xüsusiyyətləri” mövzusunda astronomiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

Bayram Rüstəmovun astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 50-dən çox elmi məqaləsi çap olunmuşdur.