Dəyəri 100 min manatdan çox olan qanunsuz tütün məmulatları aşkar edilib
Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılan əməliyyat tədbirləri zamanı Gəncə şəhərində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının həyata keçirildiyi bir sıra obyektlərin dislokasiyası müəyyənləşdirilib.
DVX-dən bildirilib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkar edilib.
Belə ki, Heydərov Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6 ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan aksiz markası ilə markalanmamış tütün məmulatı aşkar edilərək protokol əsasında götürülüb.
“Hazırda faktlarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. DVX bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışını həyata keçirən şəxslərə də şamil olunur. Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkarlanması istiqamətində vergi nəzarəti tədbirləri davam etdirilir və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək”, - DVX-nin məlumatında bildirilir.