Gilgilçay və Dəmiraparançaydan sel keçir

Çaylardakı vəziyyətlə bağlı faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 22-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.