Baş prokuror Birləşmiş Krallığın Prokurorluq Xidmətinin rəhbəri ilə görüşüb
Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu illik konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri Stifen Parkinsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev bu mühüm tədbir zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabrın 15-də “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.