BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara müraciət ünvanlayıb.

Bu barədə  BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.

Diqqətə çatdırılıb ki, belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilib.

Həmçinin piyadalardan xahiş olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.

“Unutmayın ki, yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin”, - deyə müraciətdə vurğulanıb.