AQTA: Zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid sağlamlıq” prinsipi əsasında mümkündür

Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar müasir dövrdə qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60 faizi, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75 faizi zoonoz mənşəlidir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur.

Ən çox yayılmış zoonoz xəstəliklər

Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb:

• Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz);

• Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, ebola);

• Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz);

• Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.).

Həmin xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır.

Yoluxma yolları

Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər:

• xəstə heyvanla birbaşa təmasla;

• çirklənmiş qida və su vasitəsilə;

• hava-damcı (aerogen) yolu ilə;

• gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə.

Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir.

Heyvan təsərrüfatlarında risklər və nəticələr

Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və Amerika Birləşmiş Ştatlarında aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur.

Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid sağlamlıq” prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb olunur. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır.

Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır.