BDYPİ motosiklet və moped sürücülərinə çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) motosiklet və moped sürücülərinə çağırış edib.

Bu barədə  idarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələri, təəssüf ki, tez-tez insan itkisi ilə nəticələnir:“Cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər həyatını itirib, 26-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstəricilər ikitəkərli nəqliyyat vasitələrinin idarəolunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Bəzi sürücülər yollarda təhlükəsizlik qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar. Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir, lakin bu artıq heç bir fayda vermir. Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır”.

BDYPİ xatırladıb ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.