AQTA: 4 min 652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin müvafiq Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən oktyabrın 22-dək olan dövr ərzində respublika üzrə 4 min 652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinqlər zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.