Daha altı azərbaycanlı Suriyadan ölkəmizə gətirilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 22-də 4-ü uşaq və 2-i qadın olmaqla, Azərbaycanın 6 vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.