Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib

Dekabrın 26-da Azərbaycanın Xarici İşlər Nazirliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında yerli və xarici media nümayəndələri, habelə Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Mətbuat konfransında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 2025-ci il üzrə xarici siyasətinin əsas istiqamətləri, milli maraqların təmin olunması məqsədilə həyata keçirilmiş diplomatik fəaliyyət və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

Nazir bildirib ki, 2025-ci ildə beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan Respublikası müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu uğurlu şəkildə davam etdirib, çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

C.Bayramov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi şanlı zəfərin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə də regionda dayanıqlı və qalıcı sülhün təmin edilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Bu çərçivədə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh sazişi layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Həmçinin qonşu dövlətlər, Mərkəzi Asiya, Avropa, Asiya-Sakit okean, Yaxın Şərq, Afrika və Amerika regionu ölkələri ilə aparılan iş barədə məlumat verilib. İntensivləşən təmaslar istiqamətində 41 ölkə ilə müxtəlif sahələr üzrə 191 sənədin imzalandığı, 52 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasının, habelə bir sıra ölkələrlə ikitərəfli münasibətlərin Strateji Tərəfdaşlığa yüksəldilməsinin ölkəmizin nüfuzunun və qarşılıqlı etimadın göstəricisi olduğu bildirilib.

Mətbuat konfransında Azərbaycanın 2025-ci il üzrə çoxtərəfli diplomatiya çərçivəsində fəaliyyəti barədə məlumat verən nazir, Türk Dövlətləri Təşkilatında sədrliyin Azərbaycana keçməsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyimizin davam etdirilməsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyimiz, Qoşulmama Hərəkatı Troykası çərçivəsində iştirak, COP29-a sədrliyimiz, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı platformaları üzrə irəli sürülmüş təşəbbüsləri xüsusi qeyd edib.

Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışan nazir bu çərçivədə, cari ildə Azərbaycanın Tailand Krallığında və Oman Sultanlığındakı səfirliklərinin rəsmi açılışını, 13 illik fasilədən sonra cari ilin fevral ayında Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edilməsini diqqətə çatdırıb.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə həyata keçirilən kompleks iqtisadi diplomatiya fəaliyyəti Azərbaycanın mühüm nəqliyyat, enerji, rəqəmsal və ticarət qovşağı kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də ölkəmizin regional və qlobal iqtisadi platformalarda təsir imkanlarının artırılmasına yönəlib.

Humanitar diplomatiya istiqaməti üzrə digər məsələlərlə yanaşı, mina təhdidi ilə mübarizə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə aparılan işlər diqqətə çatdırılıb.

İl ərzində ölkəmiz tərəfindən Ukraynaya və Suriyaya göstərilən humanitar yardım və ölkəmizin beynəlxalq yardım proqramları barədə iştirakçılar məlumatlandırılıb.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində 2025-ci il daxil olmaqla son illər ərzində İraqdan və Suriyadan 473-ü uşaq və 64-ü qadın olmaqla, ümumilikdə 537 vətəndaşımızın repatriasiyasının, cari ildə İsrail və İran arasında baş vermiş hərbi münaqişənin nəticəsi olaraq 9 minə yaxın Azərbaycan vətəndaşının və 82 xarici ölkə vətəndaşının ölkəmizə təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Xarici siyasətin informasiya təminatı sahəsində yerli və xarici media ilə əməkdaşlığın gücləndirildiyi, mətbuat konfransları, rəsmi açıqlamalar, sosial media fəaliyyəti, habelə analitik iş istiqamətində həyata keçirilən tədbirlər və Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə görülən işlər vurğulanıb

Daha sonra nazir Ceyhun Bayramov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.