Atəşkəs 22 dəfə pozulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, TərtərAğdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.