İQTİSAD ELMİNİN ZİRVƏSİNƏ YÜKSƏLMİŞ, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR ARİF ŞƏKƏRƏLİYEVİN 70 YAŞIDIR

 

Hər bir ölkə özünün siyasi, iqtisadi və mədəni həyatında məhsuldar əməyi və elmi töhfələri ilə iz qoymuş alimləri, elm adamları ilə tanınır və məşhurlaşırlar. Elmi fəaliyyət sosial-iqtisadi proseslərin önündə gedən bir mayaka bənzər, qaranlıqlara nur saçar, cəmiyyəti və iqtisadi fəaliyyətlə məşğul olanları, insanları daha düzgün və əsaslandırılmış qərarlar verməyə sövq edər. Xüsusilə, iqtisad elminin üzərinə bütün dövrlərdə daha mürəkkəb və ağır vəzifələr düşmüşdür və bu gün də belədir.

Nə yaxşı ki, elmin məsuliyyətini dərindən dərk edən, onun yükünü çiyinlərində daşımağı bacaran, əqli, ziyası və nuru ilə iqtisad elminin qarşısında duran vəzifələrin yerinə yetirilməsi yolunda fədakarcasına zəhmət çəkən və beləliklə öz mənalı ömrünü elmin kəşmekeşli yollarında keçirən ziyalılarımız və alimlərimiz vardır. Belə alimlərimizin sırasında öz istedadı və bacarığı, iqtisad elmimizdə xüsusi çəkisi olan alimlərimizdən biri - Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar Elm Xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor və bütün bunlarla yanaşı, gözəl insan və təpədən dırnağa qədər ziyalılıq nümunəsi olan Arif Şəkərəli oğlu Şəkərəliyevin 70 yaşı tamam olmuşdur.

A.Ş.Şəkərəliyev hələ gənc yaşlarından ömrünün mənasını iqtisad elmində və onun tədrisində görmüş və uzun illərdir ki, bu əhdinə sadiq qalmışdır. Belə ki, Arif Şəkərəliyev müqəddəs müəllim və alim adlarını eyni səviyyədə yüksəkliklərə qaldırmış, səmərəli şəkildə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İqtisadçı-alim həm də iqtisadiyyatın müxtəlif istiqamətləri, xüsusilə beynəlxalq iqtisadi münasibətlər, xarici iqtisadi əlaqələr, beynəlxalq ticarət münasibətləri, dünya iqtisadiyyatının müxtəlif istiqamətləri üzrə davamlı və məhsuldar elmi tədqiqatlar aparmış, onlarla dəyərli monoqrafiyalar yazmış və kitablar nəşr etdirmişdir.

1949-cu ildə İrəvanın Qafan rayonunda ziyalı ailəsində dünyaya gəlmiş Arif Şəkərəli oğlu Şəkərəliyev 1963-cü ildə orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Plan Uçot texnikomunda davam etdirmiş və 1966-cı ildə burada təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Ali təhsil almaq və elmin dərinliklərinə yiyələnmək məqsədilə, A.Ş.Şəkərəliyev 1966-cı ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun «Sənayenin iqtisadiyyatı» fakultəsinə daxil olmuş və  1970-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Sonra o, Sovet Ordusu sıralarında xidmət etmiş və 1972-ci ildə baş leytenant rütbəsi ilə ordudan təxris olunmuşdur.

Sonrakı illərdə Arif müəllim elmi-tədqiqatlarla məşğul olmuş və Bakı Dövlət Universitetinin aspirantı kimi 1976-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə bitirmiş və iqtisad elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. 1971-1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda müəllim, 1976-cı ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 1980-cı ildən isə dosent vəzifəsinə seçilmişdir. 1978-1982-ci illərdə həmin institutunun «İdman» fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.  1979-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda  kafedra müdiri vəzifəsində işləmişdir.

Professor Arif Şəkərəliyev 1982-ci ildən taleyini həmişəlik Azərbaycan Xalq Təsərrüfatı İnstitutu – hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlamışdır. 1982-ci ildən «Siyasi iqtisad» kafedrasında dosent vəzifəsində çalışmış və 1987-1990-cı illərdə hazırlıq fakültəsinin dekanı vəzifəsində  işləmişdir. Arif Şəkərəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorantura keçərək doktorluq dissertasiyasını yerinə yetirmiş və 1991-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.

Dərin elmi təfəkkürə, təşkilatçılıq bacarığına və peşəkarlığa malik xüsusiyyətlərinə görə, Arif müəllim rəhbər işə irəli çəkilmiş və 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi İşlər üzrə prorektor vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Bu xidmətlərinə, müstəqil Azərbaycanın qurulmasında fəal iştirakına, elm və təhsilin inkişafındakı xidmətlərinə görə, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə ona «Əməkdar Elm Xadimi» adı verilmişdir. 1992-ci ildən isə professor vəzifəsində çalışır. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi dövlətçiliyimizin gücləndirilməsinə öz töhfəsini verir.  

Geniş spektrli elmi biliklərə və bacarığa malik olan istedadlı alim-tədqiqatçı Arif Şəkərəliyev Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən ixtisaslaşmış Elmi Şuranın üzvü, müxtəlif vaxtlarda sədri və sədr müavini olmuşdur. Professor Arif Şəkərəliyevin rəhbərliyi ilə 50 elmlər namizədi, iqtisad üzrə fəlsəfə doktorları, məsləhətçiliyi ilə isə iqtisad üzrə elmlər doktoru dissertasiya işləri müdafiə olunmuş, 60-dan çox iddiaçının rəsmi opponenti kimi məsul vəzifənin öhdəsindən gəlmiş və nəticədə ölkəmizdə iqtisadçı alimlərin hazırlanmasına böyük töhfə vermişdir. Bunlarla bərabər, bu ziyalı və məhsuldar alim 60 dərslik, dərs vəsaiti, monoqrafiya, fənn proqramları, 270 elmi məqalə və 600-dən çox qəzet məqaləsinin müəllifidir.

Arif müəllim 2001-ci ildən bu vaxta kimi ADİU-nun «Ticarət və gömrük işinin təşkili» kafedrasının müdiri vəzifəsində çalışır. Səmimi olması, amma, elmi diskussiyalarda obyektivliyi və prinsipiallığı ilə fərqlənən Arif müəllimin elmi, pedaqoji və ictimai fəaliyyəti ilə dərin hörmət qazanmış və nüfuz sahibi olmuşdur. Arif müəllim elmin və ziyalılığın, müəllimliyin, tədqiqatçılığın mürəkkəb  pillələrini addım-addım qalxaraq, özünəməxsus yer tutmuş, zirvəyə yüksəlmiş və elmi ictimaiyyət arasında böyük nüfuz və əməl sahibinə çevrilmişdir.

Alimin elmi yaradıcılığında ərsəyə gətirdiyi bir sıra əsərlərdə, o cümlədən, monoqrafiyalarda ölkəmizin sosial-iqtisadi inkişafının gücləndirilməsi problemlərinə və xüsusilə, Azərbaycan dövlətinin iqtisadi siyasətinə aid maraqlı və məzmunlu fikirlər səslənmiş, təkliflər verilmiş və əsaslandırılmışdır. Məsələn, 2007-ci ildə yazdığı «Ümummilli Lider Heydər Əliyev: amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər», 1993-cü ildə ərsəyə gətirdiyi «Beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi», 1994-də - «Dünya təsərrüfatının formalaşması və beynəlxalq bazarın təşəkkülü», 2000-ci ildə nəşr etdirdiyi «İqtisadi nəzəriyyə», 1996-cı ildə  «Azərbaycan iqtisadiyyatı», 1999-da «Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər», 2009-cu ildə «Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər», 2011-də «Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi», 2015-də «Gömrük işinin təşkili və idarə edilməsi», 2016-da «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyytəində gömrük işinin rolu» və «Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər», 2018-ci ildə isə nəşr etdirdiyi «Gömrük işinin təşkili və idarə edilməsi» və s. kitabları tədqiqatçılar, mütəxəssislər, tələbələr, magistrlər və doktorantlar tərəfindən geniş istifadə olunan məzmunlu iqtisadi elmi əsərlər sırasında yer almışdır. Alimin onlarca xarici ölkərin nüfuzlu elmi jurnallarında məqalələri dərc edilmişdir və Azərbaycan iqtisadi elminin dünya elminə inteqrasiyasında səmərəli fəaliyyəti ilə diqqət çəkməkdədir.

Əməkdar elm xadimi və ziyalı müdrik alim Arif Şəkərəliyev Azərbaycan dövlətinin iqtisadi inkişaf modelinin müasir dünya standartları səviyyəsində formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində dövlət başçısı möhtərəm Prezident İlham Əliyevin apardığı siyasəti tam mənada dəstəkləməklə bərabər, milli iqtisadiyyatın prioritet istiqamətləri, xüsusilə qeyri-neft sektorunun strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsi və reallaşdırılması mexanizmlərinin hazırlanması üçün elmi-metodoloji bazanın formalaşdırılmasında və əsaslandırılmasında yorulmadan var gücü ilə çalışmaqdadır. Alimin elmi tədqiqatları bir çox proqramların hazırlanmasında, sosial-iqtisadi sahələrin islahatında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamış, səmərəliliyi ilə fərqlənmişdir.

Arif müəllim görkəmli iqtisadçı-alim olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır, həyat yoldaşı Nərgiz xanım ziyalı və pedaqoqdur.  Nümunəvi ailə başçısı, qayğıkeş və tələbkar ata olan Arif müəllim və Nərgiz xanım istedadlı alimlər (3 nəfər) və hüquqşünas DİN-nin zabiti kimi övladlar böyüdüblər və onlar da valideyinləri kimi xalqın, vətənin qarşısında layiqli xidmət edirlər.

Arif müəllim ömrünün ən məhsuldar və yetkin dövrünü yaşayır. O, yorulmadan müasir dövrün aktual problemlərini, qlobal iqtisadi çağırışlardan ortaya çıxan yeni çağırışları, ilk növbədə Azərbaycan iqtisadiyyatının müasir problemlərini tədqiq edir, daha dərin elmi arqumentlərə söykənmiş nəticələrin əldə olunmasına çalışır. Arif müəllim iqtisad elmimizin zirvəsinə çıxmasına baxmayaraq, özünə qarşı olduqca tələbkardır, daim yeniliyə can atan, problemin kökünü axtaran və daha optimal həlli yollarının tapılmasını, işlək mexanizmlərin hazırlanmasını qarşısına məqsəd qoyan vətəndaş-alimdir və bu gün də fəal və məhsuldar olaraq, elmi-pedaqoji fəaliyyətdədir.

Arif müəllim nümunəvi ziyalı və görkəmli iqtisadçı-alim olmaqla yanaşı, həm də gözəl müəllim və dostdur. Ölkəmizin iqtisad elminin sanballı və görkəmli cəfakeş alimlərindən biri kimi - iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin «Ticarət və gömrük işinin təşkili» kafedrasının müdiri Arif Şəkərəli oğlu Şəkərəliyevi 70 illik yubileyi münasibəti ilə təbrik edir, bundan sonrakı illərdə də yüksək əzmlə elmi-pedaqoji fəaliyyətini davam etdirməkdə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayırıq!

 

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı

 və marketinq” kafedrasının professoru, iqtisad elmləri

doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü

 

 

 

 

 

Fotosessiya