Azərbaycanda bankların müştərilər barədə avtomatik məlumat əldə etməsi üçün yeni platforma yaradılacaq

“Rəqəmsal erada maliyyə xidmətlərinin müştərilər tərəfindən sürətlə əldə edilməsi çox önəmlidir, amma bunun həyata keçirilməsində müəyyən problemlər var”.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə “Öz müştərini tanı siyasətində rəqəmsallaşma” mövzusunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya Texnologiyaları Departamentinin layihə meneceri Sahib Həsənov bildirib.

S. Həsənov deyib ki, bu problemlər sırasına məhdud büdcə, bahalı KYC (müştəriləri yoxlama proseduru) sistemi və digərləri daxildir: “Bu problemin həll olunması üçün təklif olunan həll paylanılmış KYC platformanın yaradılmasıdır. Hazırda hər maliyyə qurumu öz qaydalarına əsasən KYC prosedurunu yerinə yetirir. Artıq müəyyən maliyyə qurumları öz daxillərində müəyyən standartlar, yəni mərkəzləşdirmə tətbiq edirlər. Amma yenə də bu, onlayn maliyyə xidmətlərinin təqdim olunmasını ləngidir”.

 
AMB-nin layihə meneceri qeyd edib ki, paylanmış KYC platformanın əsas funksiyaları müştərilər haqqında məlumatların toplanılması, müştərilərin qara siyahısının inteqrasiyası və həmin platforma üzərindən müştərilərin yoxlanılmasıdır: “Həmin platformanın tətbiqi nəticəsində KYC prosedurunun standartlaşdırılması və keyfiyyətin artırılması nəzərdə tutulur. İkinci, KYC platformanın tətbiqi bankların xərclərini azaldacaq. Təkrar KYC prosedurları aparılmayacaq. Üçüncü, KYC platforma müştərilər üçün daha effektivdir. Çünki maliyyə xidmətlərini daha tez, daha sürətli əldə edə biləcəklər”.

S. Həsənov nəzərə çatdırıb ki, Azərbaycanda KYC platformasını tətbiq etmək üçün əsasən 3 sahədə müəyyən işlər görülməlidir: “Birincisi, hüquqi-normativ baza hazırlanmalıdır. Qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir ki, KYC platforma maliyyə qurumları tərəfindən istifadə edilə bilsin. İkincisi, KYC platformanın idarə olunması hansı təşkilat, struktur tərəfindən həyata keçiriləcəyi də müəyyənləşməlidir. Digər tərəfdən, KYC platforma çərçivəsində aparılacaq proses və məlumatların müəyyənləşdirilməlidir. KYC proseduru necə aparılacaq, KYC platformasında hansı məlumatlar təqdim olunacaq, bunlar müəyyənləşdirilməlidir. Üçüncüsü, KYC platforması ilə bağlı texnoloji hazırlıqdır. Burada KYC platformanın hazırlanmasından, maliyyə qurumları ilə inteqrasiya və digər inteqrasiya proseslərindən söhbət gedir”.

Mərkəzi Bankın layihə meneceri Sinqapurda müştərilərin özləri barədə məlumatları yerləşdirdiyi portalın olduğunu və maliyyə qurumlarının bu məlumatlardan istifadə etdiyini nəzərə çatdırıb: “Latviyada 2018-ci ildə belə bir platformanın yaradılması nəzərlə tutulub  və artıq bu sahədə müəyyən işlər aparılıb. Sual yarana bilər ki, niyə Mərkəzi Bank KYC platforma barədə danışır. 2018-ci ildən Mərkəzi Bank rəqəmsal identifikasiya sistemi layihəsini həyata keçirir və gələn ilin əvvəlində artıq bu sistem istifadəyə veriləcək. Bu sistemin ilk tətbiqi, pilot layihəsi bank xidmətlərinin onlayn formada təqdim olunmasıdır. Yəni müştərilər üçün hesabların açılması, kartların təqdim olunmasının onlayn həyata keçirilməsidir. AMB bu layihə çərçivəsində gördü ki, müştəri banka müraciət edərkən bank öz tərəfindən KYC proselurunu aparır və bu, kifayət qədər çox vaxt aparır. Ona görə də maliyyə xidmətinin onlayn təqdim edilməsi prosesi uzanır. Tutaq ki, müştəri hesab açmaq istəyir. Bu hesabı yarım saat ərzində açmaq mümkün olarsa, hesabın açılması bir neçə saat çəkə bilər. Ona görə də Mərkəzi Bank digər nəzarət qurumları və beynəlxalq şirkətlərlə danışıqlara başlamışıq və növbəti ildən həmin layihəyə start vermək istəyirik. Bura layihəyə bütün maliyyə nəzarət qurumları və beynəlxalq təşkilatlar cəlb olunacaq. 2021-ci ildə artıq yaradılmış sistemin inkişafı nəzərdə tutulur”.