İnam Kərimov: Quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri də kənd təsərrüfatıdır

 

Quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə üzrə su istehlakının 80 faizə yaxını məhz kənd təsərrüfatının payına düşür. Bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması, əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olmuşdur.

Bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə söyləyib.

Nazir bildirib ki, bu günədək taxıl sahələrinin 90 faizi biçilib, 1 milyon 800 min ton buğda yığılıb və buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir. İndiyədək faktiki yığılmış ərazilərdən məhsuldarlıq 31,3 sentner olub.

Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.

Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq.

İnam Kərimov qeyd edib ki, su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur.

“Mövcud vəziyyət meyvə bağları üçün də risklər yaradır. Meyvə bağlarının əsasən çoxillik ağaclardan ibarət olduğunu nəzərə alsaq, su çatışmazlığının mənfi təsiri bu sahədə daha çox ola bilər. Yaranmış vəziyyət yem bitkilərinə və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər.

Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə iyul ayının sonunadək 30 faizə qədər, avqust ayında isə 40-50 faiz düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarından gedir. Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya səbəb olur. Sadalanan problemlər torpağın münbitlik göstəricilərinin pisləşməsinə, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır”, - deyə Kənd Təsərrüfatı naziri bildirib.

Hazırda fermerləri narahat edən ən aktual problemlərdən birinin su çatışmazlığı olduğunu söyləyən İnam Kərimov diqqətə çatdırıb ki, ilin birinci yarısında bununla əlaqədar nazirliyə 2500-dən çox müraciət daxil olub. Müraciətlər əsasən suvarmada yaranmış çətinliklər, subartezian quyularının istismarı və qazılmasında yaranmış problemlər, irriqasiya sistemlərinin nasazlığı, suvarma qrafiklərinin pozulması ilə bağlı olub. Bu problemlərin həlli üçün Sizin Sərəncamınızla yaradılmış komissiyanın koordinasiyası ilə müvafiq tədbirlər görülür, qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və nazirliyin saytında yerləşdirilib. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər təhlil edilir və baxılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilir. Müraciətlərin sayına görə Goranboy, Sabirabad, Ucar, İmişli, Kürdəmir, Xaçmaz, Ağcabədi, Beyləqan, Biləsuvar və Salyan rayonları üstünlük təşkil edir. Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlərin aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir. Görülən tədbirlərin əsas məqsədi dəyər zəncirinin bütün mərhələlərində, yəni suyun sututarlarda toplanması, kanallarla nəqli və əkin sahələrinə paylanmasında effektivliyin təmin olunmasıdır. Habelə su balansının elektronlaşdırılması, dəqiq uçot sisteminin qurulması və suvarma məlumatlarının elektron kənd təsərrüfatı sisteminə inteqrasiya edilməsi sudan səmərəli və qənaətlə istifadəni özündə ehtiva edən subsidiya mexanizminin formalaşdırılması istiqamətində təkliflər hazırlanır.

Nazir vurğulayıb ki, məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxildir. Son iki il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilib. Verilən güzəştlərlə iki il ərzində iqtisadiyyata əlavə 54 milyon manat investisiya qoyuluşu təşviq edilib.