“AzerGold” birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş onlayn müşavirəsi keçirilib.

QSC-dən  bildirilib ki, müşavirədə çıxış edən “AzerGold”un idarə heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının xeyli hissəsinin pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu dövrə təsadüf etməsinə baxmayaq, cəmiyyətin çoxsaylı uğurlara nail olduğunu vurğulayıb. Qeyd olunub ki, sözügedən dövr ərzində Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20,3 faiz, gümüş hasilatında isə 40,9 faiz artım qeydə alınıb. Bununla yanaşı, 6 ayda 25,1 min unsiya qızıl, 55,6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 milyon ABŞ dolları (73,5 milyon manat) həcmində vəsait cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artım deməkdir.

İdarə heyəti sədrinin sözlərinə görə, cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 milyon manatı vergi, 1 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib.

Müşavirədə cəmiyyətin strateji fəaliyyət planına uyğun olaraq növbəti ildə “Çovdar” yatağının yeraltı mərhələsinin, “Ağyoxuş” və “Mərəh” yataqlarının, qarşıdakı illərdə isə “Tüllallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istismarı nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsait cəlb ediləcək, yüzlərlə yeni iş yeri açılacaq. Həmçinin ekoloji monitorinq, geoloji kəşfiyyat, hasilat, tikinti və digər istiqamətlərdə görülən işlər haqda bəhs edilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bütün bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Daha sonra görülmüş işlər və qarşıda duran əsas məsələlərlə bağlı müvafiq şöbələrin rəhbərləri məruzələrlə çıxış ediblər.