“AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağında geoloji kəşfiyyat proqramının icrasına başlayır

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.

 “AzerGold” QSC tərəfindən yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib. Hazırda bütün tarixi geoloji məlumatlar toplanaraq rəqəmsallaşdırılır, xüsusi proqram təminatları vasitəsi ilə yatağın ilkin 3 ölçülü geoloji modeli hazırlanır. Proqrama əsasən, ilkin olaraq ehtiyatlar üzrə resursların təsdiq edilməsi istiqamətində 4 sahəni əhatə edən 32 ədəd buruq quyusunun qazılması nəzərdə tutulub. İlkin tədqiqat layihəsi çərçivəsində ümumi olaraq 21 min metr dərinlikdə buruq qazma işlərinin icrası planlaşdırılır. 6500 metr həcmində qazma işlərinin isə cari ildə yekunlaşdırılması hədəflənir. Bu işlərin yekununda ilkin resurslara dair məlumatlar bazası formalaşacaq, eləcə də ehtiyatların artırılması, dəqiqləşdirilməsi və tam təsdiqi üçün nəticələr təhlil edilərək növbəti kəşfiyyat proqramları hazırlanacaq.

Bütün tədqiqat işləri müasir yanaşmalara və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təcrübəli və peşəkar heyət tərəfindən icra ediləcək. Geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən hesablanacaq, habelə, hazırda azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadi səmərəli hesab edilən resurslar yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində aparılan tədqiqatlar mədənçilik layihələrinin icrasında zəruri addımlardan hesab olunur. Belə ki, əldə ediləcək tədqiqat nəticələri mədənin ilkin resursları və hasil edilməsi gözlənilən ehtiyatları əsasında layihə üzrə perspektivləri və maliyyə proqnozlarını müəyyən edəcək. Bu mərhələ üzrə uğurlu göstəricilər növbəti, daha təfərrüatlı araşdırma və tədqiqat mərhələsinə keçməyə və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsinə xidmət edəcək.

Məlumat üçün bildirək ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Xatırladaq ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib. Yatağın yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Yataqda hasilatın bərpası bir çox yan sahələrin tərəqqisinə, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da öz əhəmiyyətli töhfəsini verəcək.