Azərbaycan Prezidenti: Niyə 30 il ərzində UNESCO dini abidələrin vəziyyəti ilə bağlı məsələ qaldırmayıb?

UNESCO ilə bizim çox məhsuldar, səmimi münasibətlərimiz var və ümid edirəm ki, bu münasibətlər qorunacaq. Üç baş katiblə mənim görüşlərim olub. İndiki baş katib Bakıda olarkən bir dəfə görüşmüşəm, amma ondan əvvəlki iki baş katiblə mənim bir çox görüşlərim olub. Onlar dəfələrlə Azərbaycanda olublar. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında onların böyük rolu var. Ona görə UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var.

Bu fikirləri Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən Azərbaycanda başqa dinlərin abidələri ilə bağlı UNESCO-nun əsassız yanaşmasına münasibət bildirərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır.

“Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb?”, - deyə Prezident İlham Əliyev sual edib.

İşğal edilmiş torpaqlara missiya göndərilməsi barədə UNESCO-ya dəfələrlə müraciət olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”.