Azərbaycan Zəfər Gününü qeyd edir
Azərbaycan xalqının şanlı tarixində noyabr ayı xüsusi tarixi əhəmiyyətə malikdir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişinə ciddi təsir göstərdi və bu tarix Zəfər Günü kimi qeyd olunmağa başladı. Həmin gün Şuşada üçrəngli bayrağımızın ucaldılması xalqımızın qürur və sevincinin rəmzinə çevrildi.
2020-ci ildə Azərbaycan xalqının qazandığı tarixi Zəfər uzun illər davam edən işğala son qoyulması istiqamətində mühüm nəticə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən torpaqlarının azadlığı uğrunda mübarizə apardı. Bu Qələbə hərbi uğurla yanaşı, milli birliyin və Vətən sevgisinin də təzahürü kimi qiymətləndirilir.
Müharibə insanlıq üçün arzuolunan yol deyil. Bununla belə, Azərbaycan Vətən müharibəsini işğal altında olan ərazilərini azad etmək və tarixi ədaləti bərpa etmək məqsədilə apardı.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin həlledici hadisələrindən biri oldu. Şəhərin strateji mövqeyi və mürəkkəb dağlıq relyefi əməliyyatı çətinləşdirirdi. Azərbaycan hərbçiləri çətin şəraitdə irəliləyərək şəhəri azad etdilər. Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri Şuşanın xalqımız üçün mənəvi və tarixi əhəmiyyətini ifadə edirdi.
Prezident İlham Əliyev Şuşa əməliyyatını qiymətləndirərək Azərbaycan hərbçilərinin peşəkarlığını və cəsarətini vurğulayıb, əməliyyatın dünya hərb tarixində xüsusi yer tuta biləcəyini bildirib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başladı. İlk günlərdən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində irəlilədi və bir sıra strateji yüksəkliklərə, yaşayış məntəqələrinə nəzarəti bərpa etdi. Murov istiqamətində əldə edilən uğurlar ordunun sonrakı əməliyyatları üçün əhəmiyyətli oldu.
Müharibə zamanı oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 9-da Hadrut, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan və oktyabrın 25-də Qubadlı azad edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Şuşa əməliyyatı isə müharibənin həlledici mərhələsi oldu. Azərbaycan əsgər və zabitləri mürəkkəb relyef şəraitində şəhərə daxil olaraq döyüş tapşırıqlarını yerinə yetirdilər. Şuşanın azad edilməsi Azərbaycanın hərbi-siyasi mövqeyinə ciddi təsir göstərdi. Vətən müharibəsi Azərbaycan hərb tarixində mühüm yer tutan hadisə kimi yadda qaldı.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunduğunu elan edərək bu hadisəni Azərbaycanın tarixi Qələbəsi kimi səciyyələndirdi. Dövlətimizin başçısı çıxışında Qələbənin döyüş meydanında əldə edilməsini və 8 Noyabrın Azərbaycan tarixindəki yerini xüsusi vurğulayır: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Vətən müharibəsində əldə edilən nəticələr Azərbaycan Ordusunun hazırlığını, hərbçilərin fədakarlığını və cəmiyyətin səfərbərliyini nümayiş etdirdi. Xalqın dəstəyi və arxa cəbhənin fəaliyyəti də müharibə dövründə mühüm rol oynadı.
8 Noyabr - Zəfər Günü şəhidlərin xatirəsini ehtiramla yad etmək, qazilərin fədakarlığını qiymətləndirmək və gələcək nəsillərə tarixi yaddaşı çatdırmaq baxımından əhəmiyyətlidir.

