Bu məktəbdə ənənəvi dərslər bərpa olunur

Martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır.

Xatırladaq ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçilmişdi.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ-nin rəhbərliyi və əməkdaşları hər gün məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.