DİM: Mayın 17-də magistraturaya imtahan vermiş bakalavrlar iyunun 14-də yenidən imtahan verə bilərlər
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanında iştirak etmiş bakalavrların iyunun 14-də keçiriləcək növbəti imtahanda da iştirak edə biləcəyinə aydınlıq gətirib.
DİM-dən bildirilib ki, mayın 17-də magistraturaya qəbul imtahanında iştirak etmiş bakalavrlar istədikləri təqdirdə, müvafiq ödənişi etməklə iyunun 14-də təşkil olunacaq imtahanda yenidən iştirak edə bilərlər.
Qurumdan qeyd olunub ki, bakalavrların ixtisas seçimi zamanı topladıqları ən yüksək nəticə nəzərə alınacaq.
Qeyd edək ki, mayın 17-də keçirilmiş imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbindən imtahana qatıla bilməmiş bakalavrlar üçün iyunun 14-də keçiriləcək imtahan ödənişsiz olacaq. Digər bakalavrlar isə istədikləri halda müəyyən edilmiş qaydada ödəniş etməklə həmin imtahanda yenidən iştirak edə bilərlər.
Beləliklə, bəzi bakalavrların magistraturaya qəbul imtahanında üçüncü dəfə iştirak etməsi mümkün olacaq.//Azərtac

