Qəbul və buraxılış imtahanlarının tapşırıqları sadələşdirilib
2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramından müəyyən mövzular çıxarılıb.
Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
X.Xanlarzadə qeyd edib ki, çətin hesab edilən və mənimsəmə səviyyəsi aşağı ola bilən mövzular qəbul imtahanı proqramına daxil edilməyib.
O, artıq "Abituriyent" jurnalının 1 saylı buraxılışında qəbul imtahanı proqramının verildiyini də söyləyib.
Xanlar Xanlarzadə onu da deyib ki, DİM və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti yenidən təhlil edərək ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının tapşırıqlarının formasını daha da sadələşdiriblər.
Ümumi təhsil pilləsində buraxılış imtahanının bir mərhələdə keçiriləcəyini xatırladan X.Xanlarzadənin sözlərinə görə, imtahanda tədris dili və xarici dil fənlərinin hər birindən 30, riyaziyyatdan 25 olmaqla, ümumilikdə 85 tapşırıq veriləcək. İmtahanda yazılı cavab tələb edən açıq tipli suallardan istifadə edilməyəcək. İştirakçılara qapalı tipli tapşırıqlar, kodlaşdırıla bilən seçim və hesablama tipli açıq tipli suallar təqdim ediləcək: "Proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq, 9-cu sinfin birinci yarımilində keçirilmiş materiallar götürülür. Tədris prosesində ikinci yarımil üzrə keçirilməsi planlaşdırılan mövzular isə 5-8-ci siniflər üzrə tərtib olunacaq".

