Prezident İlham Əliyev: Biz bundan sonra meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik

Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir.

Bu fikirləri Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.

Meliorasiya sahəsindəki çatışmazlıqlardan danışan dövlətimizin başçısı deyib: “Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”.

Prezident qeyd edib ki, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq.

“Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır